Azərbaycanın ilk və ən böyük prosessinq mərkəzi Azərikard 25 yaşındadır.

Azərbaycanın ilk və ən böyük prosessinq mərkəzi Azərikard 25 yaşındadır.

21 Oktyabr 2022, 00:00

Azərbaycanın ilk və ən böyük prosessinq mərkəzi olan Azərikard bu gün 25 yaşını qeyd edir. 1997-ci ildə fəaliyyətə başlamış mərkəz hazırda 15 banka prosessinq və ödəniş sahəsində xidmətlər göstərir.

25 illik fəaliyyəti ərzində Azərikard tətbiq etdiyi yeniliklərlə, Azərbaycana gətirdiyi yeni texnologiyalarla sektorda bir sıra mühüm ənənələr formalaşdırıb. Mərkəzin ötən il “Apple Pay” və “Google Pay” ödəniş sistemlərinə qoşulması, adıçəkilən xidmətləri bank müştəriləri üçün əlçatan etməsi bunun son nümunələrindəndir.

2021-ci ildə yaradılmış Azərikard Təmassız Texnologiyalar Alyansının (ATTA) köməyi ilə yanacaqdoldurma mərkəzlərində ödənişləri, parkinq və kredit ödənişlərini artıq kart olmadan da həyata keçirmək mümkündür. Bu innovativ həllər ödənişləri asanlaşdıracaq, sürətləndirəcək və ödənişlər zamanı növbələri aradan qaldıracaq.

Şirkət ötən 25 il ərzində biznesin əhatə dairəsini genişləndirib, xidmətlərin və əməliyyatların həcmini dəfələrlə artırıb. Müasir texnologiyaların, ən son innovativ həllərin tətbiqi “Azərikard”ın fəaliyyətində prioritet istiqamətlərdən biri olaraq qalmaqdadır.

Azərikard şirkətinin Baş direktoru Fərid Quliyev, 25 il ərzində şirkətin inkişafına dəstək verən bütün müştərilərə və tərəfdaşlara təşəkkürünü bildirib. “Fəaliyyətə başladığı ilk gündən Azərikard kart texnologiyaları sahəsində baş verən bütün yeniliklərə aktiv dəstək göstərərək, zamanın nəbzini tutan bir çox layihələrə imza atıb. Eləcə də bazarda mövcud olan maliyyə alətlərinin çeşidinin artırılmasına dəyərli töhfələrini verib. Bu gün transformasiya layihələri ilə yenilənən Azərikard ən yaxşı strateji tərəfdaş olmağı, yeni texnologiyaların tətbiqi, istedadların cəlbi və yetişdirilməsi hesabına ödənişlər sahəsində ən dayanıqlı və təhlükəsiz şirkət kimi tanınmağı hədəfləyir”.

Azərikardın məhsul və xidmətləri barədə məlumatları, https://www.azericard.com/  rəsmi internet səhifəsindən və ya 194 nömrəli Məlumat Mərkəzindən, həmçinin rəsmi Facebook və Instagram səhifələrindən əldə etmək olar.