"Azərikard"-dan növbəti unikal məhsul

30 May 2019, 00:00

 Azərbaycanda ilk və ən böyük prosessinq mərkəzi olan “Azərikard” PİN-kodun müştərilər tərəfindən yaradılmasına imkan verən yeni, unikal “PIN Set ATM” və “PIN Delivery Web” məhsullarını təqdim edib.
Əvvəllər PİN-kodu yalnız banka gedib post terminal vasitəsilə yaratmaq olurdusa, indi isə, müştəri banka getmədən, bankomata kartı daxil etməklə, bank tərəfindən mobil telefona göndərilən kod vasitəsilə istədiyi PİN-kodu bankomat (“PIN Set ATM” xidməti) vasitəsi ilə yarada bilər.
PİN-kodu veb vasitəsilə əldə etmək üçün isə "AzəriKard"-ın rəsmi saytında PİN kodun təyin edilməsi bölməsinə daxil olub, kart barədə məlumatları (cvc2/cvv2, kartın istifadə müddəti) qeyd etmək, PİN-kodun seçilməsi üçün formu doldurmaq lazımdır. Həmin proseduralardan sonra müştəri istədiyi PİN-kodu internet üzərindən (“PIN Delivery Web” xidməti) yarada bilər.
"Azərikard" Azərbaycanda MasterCard, Visa, American Express, Diners Club, UnionPay və JCB Beynəlxalq Ödəmə Sistemləri tərəfindən tamamilə sertifikatlaşdırılmış ilk prossesinq mərkəzidir. Hal-hazırda AzəriKard Azərbaycanda, eləcə də onun hüdudlarından kənarda Beynəlxalq Ödəmə Sistemlərinin üzvü olan 21 banka prosessinq xidməti göstərir.