"Azərikard" prosessinq mərkəzi Yay təcrübə proqramına start verdi

01 İyun 2018, 00:00

Azərbaycanın ilk və ən böyük olan, bazarda 22 ildir uğurlu fəaliyyət göstərən "Azərikard" prosessinq mərkəzi tərəfindən Azərbaycanın bir sıra ali təhsil ocaqlarında tələbələr üçün təqdimat keçirildi. ADA Universitetindən başlayan təqdimatlar, Xəzər, Azərbaycan Dövlət İqtisad, Azərbaycan Dövlət Neft və Sənaye, Bakı Mühəndislik və Azərbaycan Texniki Universitetlərində davam etdirilmişdir. Təqdimatda Azərikard-ın yaranma tarixi, göstərilən müasir və qabaqcıl xidmətlər, layihələr, gələcək planlar və yay təcrübə proqramının şərtləri haqqında ətraflı və geniş məlumat verilmişdir. Qarşılıqlı və maraqlı ünsiyyət zamanı bir çox mövzular, Azərikard tərəfindən təklif olunan ən məşhur olan xidmətlər, suallar və ən əsası yay təcrübə proqramı müzakirə olunmuşdur.
Azərikard Prosessinq Mərkəzi 2018-ci ilin may ayından etibarən Azərbaycan Respublikasının qabaqcıl Ali təhsil ocaqlarında bir sıra ixtisaslar üzrə təhsil alan tələbələr üçün “Təcrübə proqramı” ilə əlaqədar qapılarını açıq elan edir.
Proqrama 2018-ci ilin may ayından etibarən start verilib və 2018-ci ilin iyul ayından etibarən tələbələrin təcrübəyə başlamaları nəzərdə tutulur.  Bu proqramın mahiyyəti, təhsil müəssisələri ilə əməkdaşlıq edərək şirkətimizə gənc ixtisaslı mütəxəssisləri dəvət etməkdir. Təcrübəçilərin seçilməsi bir neçə mərhələdən ibarət olacaq. Təcrübə proqramında iştirak etmək üçün seçilən tələbələr, 1ay müddətində şirkətimizdə çalışacaqlar. Təcrübəçilərin şirkətdə tətbiq olan iş proseduralarına və biznes proseslərinə uyğunlaşmasında yüksək ixtisaslı təlimçilər kömək edəcəklər. Təcrübə proqramı məvaciblidir. Proqramın sonunda bəzi tələbələr şirkətə işə qəbul oluna bilər.
Azərikard, qurulduğu gündən etibarən, prosessinq xidmətlərinin bazarında lider qalaraq, müasir texnologiyalı layihələrin həyata keçirilməsində fəal iştirak edir. Şirkət güclü infrastrukturu və xidmətlərin təhlükəsizliyi, operativliyi və yüksək səviyyəli peşəkar kadrları ilə fərqlənir.
Təcrübə proqramı peşəkar bacarıqların inkişafı və mütəxəssislərlə yeni ideyaların müzakirəsi və fikir mübadiləsi aparmaq üçün mükəmməl bir platformadır. Biz dinamik şəkildə inkişaf edirik və fəal, yaradıcı, müasir və ambisiyalı insanları axtarırıq. Bu xüsusiyyətlərə sahib olan hər kəs CV-ni elektron poçt ünvanına göndərə bilər: [email protected].